DİQQƏT! UŞAQLAR ARASINDA SİQARET ALUDƏÇİLİYİ DURMADAN ARTIR
Yazar: LIDER @ Dekabr 2, 2008 13:02
Fərid Şahbazlı: «Siqaret məktəblərin daxilinə də yol açır»
«Gənc Liderlər» Uşaq Təşkilatı(GLUT) media vasitəsi ilə Azərbaycan cəmiyyətinə, müvafiq nazirlik və qurumlara, mətbuata müraciət qəbul edib. Bu barədə mətbuata açıqlamasında məlumat verən GLUT sədri Fərid Şahbazlı uşaq və yeniyetmələr arasında siqaret aludəçiliyinin durmadan artması faktının ictimaiyyət üçün siqnal olduğunu bildirib. F.Şahbazlı «Gənc Liderlər»in uşaqlar arasında apardıqları monitorinq və sorğuların acı və təhlükəli nəticələr ortaya qoyduğunu qeyd edib. Onun sözlərinə görə, aparılan araşdırmalar yeniyetmə oğlanlar arasında siqaret aludəçiliyinin 50%-ə qədər artıdığını və yaşının cavanlaşdığını ortaya qoyub: «Nəticələr bizi şoka saldı. Nisbi götürsək, hazırda hər 10 yeniyetmədən 7-i siqaret aludəçisidir. Onların yaşı 10-18 arasında dəyişir. Araşdırmalarımız nəticəsində bəlli oldu ki, siqaretə meyl bu uşaqlarda artıq vərdiş halını alıb və ondan uzaqlaşmaları artıq mümkünsüzdür».
Fərid Şahbazlının sözlərinə görə, ən təhlükəli məqamlardan biri isə siqaretin artıq orta məktəblərə də yol açmasıdır. Təşkilat sədrinin sözlərinə görə, bu gün artıq demək olar ki, respublikanın hər bir məktəbinin şagirdləri arasında siqaretə qurşananlar var: «Ciddi məqam ondadır ki, belə məktəblilər siqareti artıq məktəb binasının içində çəkirlər və digərlərini də bu işə təhrik edirlər. Vəziyyət o qədər gərgindir ki, hətta məktəb rəhbərlikləri də onların məktəb daxilində siqaret çəkməsinə mane ola bilmir».
Bütün bunları nəzərə alaraq «Gənc Liderlər» Uşaq Təşkilatı ölkə ictimaiyyətini gələcəyimizi siqarət bəlasından qurtarmaq üçün səfərbər olmağa çağırır. GLUT mağazalardan 18 yaşından aşağı şəxslərə siqaret satılmasını qadağan edən qanuna qanuna əməl etmələrini tələb edir. Təşkilat eyni zamanda Təhsil, Daxili İşlər, Səhiyyə nazirliklərini, yerli icra hakimiyyəti orqanlarını məsələ ilə bağlı konkret və təcili addımlar atmağa çağırır. GLUT Azərbaycan mətbuatından da problemi diqqətdə saxlamağı, maarifləndirici materiallarla çıxış etməyi xahiş edir.
Xatırladaq ki, «Gənc Liderlər» Uşaq Təşkilatı da uşaqlar arasında siqaret aludəçiliyinin qarşısını almaq üçün maarifləndirici tədbirlər həyata keçirməyi planlaşdırır.
GƏNCLİYİMİZLƏ QÜRUR DUYAN İNSAN
Yazar: LIDER @ Noyabr 30, 2008 23:15
«Uşaqların Dostları» silsiləsindən-Ülvi QULİYEV
«Gənc Liderlər» Uşaq Təşkilatının rəsmi İnternet səhifəsi yeni bir layihənin icrasına başlayıb. Oxucular bundan sonra təşkilatımızın saytında uşaqların problemlərinin həlli, hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən tanınmışları-millət vəkillərini, QHT rəhbərlərini, ictimaiyyət nümayəndələrini, bir sözlə «Uşaqların Dostları»nı eyniadlı layihədə yaxından tanıyacaqlar.
Beləliklə layihəmizin ilk qəhrəmanı 21 saylı Nəsimi birinci seçki dairəsindən millət vəkili, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, Avropa və dünya çempionu Ülvi Quliyevdir.
1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olan Ülvi Quliyev Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinin və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur.
Hazırkı səviyyə-millət vəkilliyinə qədər uzun və şərəfli həyat tərzi keçirən Ülvi Quliyev 1988-ci ildən aptekdə provizor, baş provizor, aptek müdiri işləmişdir. 2002-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini vəzifələrində çalışan Ü.Quliyev 2005-ci ildə Nəsimililərin böyük əksəriyyətinin səsini qazanaraq, millət vəkili seçilmişdir.
Fəaliyyəti zamanı daim uşaq və gənclərlə sıx əməkdaşlıq edən millət vəkilinin fəaliyyətinin əsasını onlara qayğı göstərmək, problemlərinin həllinə dəstək vermək olub. Hələ parlament seçkiləri öncəsi təbliğat-təşviqat kompaniyası zamanında da uşaq və gənclərdə sıx görüşlər keçirən Ülvi Quliyev, deputat seçilməzdən öncə də uşaqların həm fiziki, həm də mənəvi baxımdan sağlam yetişməsinə çalışmışdır. Dahi Lider Heydər Əliyevin «uşaqlar bizim gələcəyimizdir» fikrini özünə prinsip seçən millət vəkilinin orta məktəblərdə şagirdlərlə keçirdiyi görüşlər də buna nümunə sayıla bilər. Təsadüfi deyil ki, uşaqlara göstərdiyi diqqət və qayğıya görə, uşaq təşkilatlarının fəaliyyətinə verdiyi dəstəyə görə Ülvi Quliyev 2007-ci ildə Azərbaycanın ən nüfuzdu uşaq təşkilatlarından olan «Gənc Liderlər» Uşaq Təşkilatı tərəfindən «Uşaqların Dostu» seçilmiş və bu diplomla təltif olunmuşdur.
Bəs millət vəkilini özlərinə dost seçən uşaqlar, məktəblilər necə onun haqqında nə düşünür?
«Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı: «Ülvi Quliyev Milli Məclisin uşaqlara, gənclərə diqqət göstərən çox az sayda deputatından biridir. Fəaliyyətimiz dövründə daim onun dəstəyini hiss etmişik. Bizimlə əməkdaşlığı zamanı olduqca səmimi mövqe sərgiləyən, millət vəkilimiz daim uşaqların problemlərin həlli üçün öz imkanlarını əsirgəməmişdir. Rəhbərlik etdiyim təşkilatın bütün üzvləri Ülvi Quliyevi gəncliyə bağlı insan, «Uşaqların Dostu» kimi tanıyır».
Nərimanov rayonu 47 saylı məktəbin Şagird parlamentinin sədri Nərmin Əzimzadə: «Bizim məktəbin şagirdləri Ülvi müəllimi uşaqları sevən, onların yaxşı bir idmançı kimi böyüməsini istəyən millət vkəili kimi tanıyır. O, hələ deputat seçilməzdən öncə bizim məktəbin şagirdləri onunla çoxlu görüşlər keçirmiş, təşkil etdiyi yarışlarda iştirak etmişdir. Bizim məktəbin şagirdləri də sorğuda Ülvi Quliyevin «Uşaqların Dostu» seçilməsinə səs verib».
KEÇMİŞDƏN GƏLƏCƏYƏ…
Yazar: LIDER @ Noyabr 28, 2008 16:22
«Gənc Liderlər» Uşaq Təşkilatının sədri
Fərid Şahbazlı
Və ya müasir və milli köklərə bağlı insan modeli problemi
Son günlərin hadisələri göstərdi ki, bu gün özünü ölkəmizin sosial-iqtisadi tərəqqisi, yollar, körpülər, yeni-yeni məktəb binalarının inşasında göstərən inkişafın daha çox beyinlərdə, düşüncələrdə yer tapmasına ehtiyac var. Bir qədər də konkretləşdirsək, Azərbaycanın maddi cəhətdən inkişafı ilə yanaşı, həmdə müasir, beynəlmiləl olduğu qədər də milli köklərə bağlı, sabaha keçmişə nəzərən baxan insan modelinə ehtiyacı var. Elə ölkə başçısı İlham Əliyevin «maddi nemətlərimizi insan kapitalına çevirməliyik» tarixi ifadəsi də buna işarədir.
Amma gəlin baxaq, bu gün Azərbaycan üçün savadlı, təhsilli gənc və ən əsası vətəndaş yetişdirməli olan məktəb və universitetlərimiz, bu vətəndaşı mili köklərə bağlı şəkildə tərbiyələndirməli mediamızın özünün durumu necədir?
Təhsildən, konkret məktəblərdən başlayaq. Çünki, hazırda cəmiyyətin ən müxtəlif səbəblər üzündən ittiham subyektinə çevrilmiş gənclər hər şeydən əvvəl bu məktəblərin məhsuludur. Ədalət naminə qeyd etməlik ki, ölkə təhsilində aparılan islahatlar, görülən işlər məktəblərdə tədrisin səviyyəsinə, maddi-texniki bazanın güclənməsinə öz müsbət təsirini göstərməmiş deyil. Amma, bütün hallarda respublikanın ən nüfuzlu və güclü orta təhsil müəssəsinin belə dövlətimizə verəcəyi töhvə təhsilli, məktəb proqramını dərindən mənimsəmiş yeniyetmədən artıq deyil. Bəs ölkəmizin necə, dərsini əzbərləyən şagirdəmi, yoxsa bu gün öz hüququnu, sabah isə dövlətinin hüququnu tələb edəcək gəncə ehtiyacı var? Çox təəsüflə qeyd etməliyik ki, bu gün hətta universitetlərə qəbulda ən yüksək bal toplayan Azərbaycan gəncinin elementar dünyagörüşü, son illərin ən çox müzakirə və təbliğ olunan mövzusu Dağlıq Qarabağ problemində ölkəmizin mövqeyini izah etməyə belə imkan vermir. Bu gün Azərbaycan məktəblisi okeanın o tayından gəlib, millətimizə alt-paltarını nümayiş etdirənləri özünə kumir seçib, yalnız sabahın müğənnisi, aktyoru olmaq barədə düşünür. Bu zavallı gənclər ali təhsil almağı belə diplom xatirinə, hərbi qulluq etməmək naminə reallaşdırırlar. Reallıq acı olsa da, gerçəkliyi qəbul etmək böyüklükdür.
Amma günahı yalnız uşaq və gənclərdəmi axtaraq? Efirdən üç gündür əlinə mikrafon alıb nəsə oxuyan birisinin yüz min dollar dəyəri olan araba sürdüyünü görən gəncdən Ramil Səfərov olmağı necə tələb edək? Qəzetdə, televiziyada ancaq müğənnilərin, aktyorların təbliğatını, seçim turlarını görməkdən gözü yağır olan məktəblimizə «get oxu, insan ol, vətəndaş ol» demək haqqını kimdən alaq?
Biz müəllimin şagirdə maaş obyekti kimi baxmadığı, gəncimizin müasir texnologiyalardan özünün və dövlətinin inkişafı üçün istifadə etdiyi, təkcə ölkə rəhbərliyinin deyil, hamının gəncliyə qayğı ilə yanaşdığı bir cəmiyyət istəyirik! Tələbimiz çoxmu böyükdür?
«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI YUNİCEF-Ə MÜRACİƏT EDƏCƏK
Yazar: LIDER @ Noyabr 24, 2008 5:03
Təşkilat Mehriban Əliyevanın BMT-nin Uşaq Fondunun «Xoşməramlı səfiri» seçilməsi təşəbbüsü ilə çıxış edir
«Gənc Liderlər» Uşaq Təşkilatı(GLUT) YUNİCEF-ə(BMT-nin Uşaq Fondu) müraciət edəcək. Bu barədə məlumat verən GLUT sədri Fərid Şahbazlı müraciətin rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın YUNİCEF-in «Xoşməramlı səfiri» seçilməsi təşəbbüsü ilə bağlı olduğunu deyib. Fərid Şahbazlı M.Əliyevanın hazırda YUNESKO və İSSESKO-nun «Xoşməramlı səfiri» olduğunu xatırladaraq, onun həm də dünya uşaqlarının böyük dostu olduğunu bildirdi: «Mehriban xanımın fəaliyyətinin böyük bir hissəsi uşaqların hüquqlarının müdafiəsi, onların sosial, məişət və təhsillə bağlı problemlərinin həllinə yönəlib. Uşaqlarımızın fiziki və mənəvi sağlamlığının təmin olunmasında onun xidmətləri danılmazdır.
Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda böyük bir təhsil ocağı yenidən bərpa edilib. Mehriban Əliyevanın fəaliyyətini Azərbaycan miqyasına sığışdırmaq mümkün deyil. Onun aldığı nüfuzlu beynəlxlaq mükafatlar da bunu sübut edir. M.Əliyevanın YUNİCEF-in «Xoşməramlı səfiri», dünya uşaqlarının dostu seçilməsinə hamıdan daha artıq haqqı var və Azərbaycan uşaqları da bu haqqı istəyir».
Fərid Şahbazlının sözlərinə görə, artıq müraciət hazırdır və həftə sonuna kimi müraciət Azərbaycanın uşaq hərəkatında fəal olan bir qrup uşaq və gəncin imzası ilə YUNİCEF-in Azərbaycan nümayəndəliyinə təqdim olunacaq. Müraciətə eyni zamanda «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə nəşr olunmuş, Azərbaycan uşaqlarının Mehriban xanım Əliyeva haqqında fikirlərinin toplusu olan «Mehriban Əliyeva olduğu kimi» kitabı da əlavə olunacaq.
«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI ÜMÜMDÜNYA UŞAQ HÜQUQLARI GÜNÜ İLƏ BAĞLI BƏYANAT YAYIB
Yazar: LIDER @ Noyabr 19, 2008 5:33
«Gənc Liderlər» Uşaq Təşkilatı(GLUT) 20 noyabr Ümümdünya Uşaq Hüquqları Günü ilə bağlı bəyanat qəbul edib. Təşkilatı Mətbuat Xidmətinin xəbərinə görə, qəbul olunan sənəddə uşaq hüquqlarının Azərbaycanın dövləti və hökumətinin prioritet fəaliyyət istiqamətlərindən biri olduğu qeyd olunaraq, bu yöndə aparılan işin uğurlu nəticələr verdiyi diqqətə çatdırılıb. Bəyanatda ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Uşaq Parlamentinin yaradılması, Ombudsman Aparatı tərkibində Uşaq Resurs Mərkəzinin təsis olunması təqdirəlayiq hal kimi qiymətləndirilib. Eyni zamanda bəyanatda təhsildə demokratik idarəçiliyə, şəxsiyyətyönümlü təhsilə keçidinin əsasın qoyulması da ölkə rəhbərliyinin uşaq hüquqlarına olan diqqətinin göstərcisi kimi qeyd olunub.
20 noyabr Ümümdünya Uşaq Hüquqları Günü ilə bağlı qəbul olunan bəyanatda eyni zamanda bir sıra problemlərinin həllinin vacibliyi də vurğulanıb. Bu sırada hələ də erməni təcavüzü nəticəsində 1 miyondan artıq qaçqın və məcburi köçkün azərbaycanlı uşağın normal yaşayış, təhsil, səhiyyə hüququndan məhrum olması qəti şəkildə pislənilib. Dağlıq Qarabağ probleminin tezliklə həlli və müharibədə uşaqlarımıza qarşı vəhşilik nümayiş etdirmiş canilərin cəzasına çatması tələb olunan bəyanatda, Robert Köçəryanın hələ də Uşaqların düşməni kimi qəbul edilməməsi, dünya birliyinin azəri uşaqlara qarşı açıq qərəzi kimi dəyərləndirilib.
Bəyanatda 2008-ci ilin «Gənc Liderlər» Uşaq Təşkilatı tərəfindən «Uşaq İli» elan olunduğu vurğulanaraq, bu ilə ərzində bir sıra işlərin görüldüyü, lakin uşaqlar üçün yararlı dünya yaratmaq məqsədilə daha çox fəaliyyətə ehtiyac olduğu qeyd olunub. Bəyənatın sonunda bütün dövlət qurumlarından, mediadan uşaq hüquqlarına daha çox diqqət ayırmaq, onların problemlərinin həllinə dəstək vermək xahiş olunur!
MƏKTƏB BUFETLƏRİ TƏHLÜKƏ SAÇIR
Yazar: LIDER @ Noyabr 17, 2008 3:59
«Gənc Liderlər» Uşaq Təşkilatı problemlə bağlı Araşdırma Qrupu yaratdı
«Gənc Liderlər» Uşaq Təşkilatı(GLUT) orta məktəblərdə bufetlərin vəziyyətini araşdırmaq, sanitar-gigeynik normaların pozulduğu təhsil ocaqların bufetlərini müəyyənləşdirmək üçün Araşdırma Qrupu yaradıb. Bu barədə məlumatı Araşdırma Qrupunun rəhbəri, GLUT sədrinin müavini Tural Əliyev verib.
Onun sözlərinə görə, son zamanlar məktəb bufetləri ətrafında yaranan təhlükəli vəziyyət, bufetlərdə sanitar-gigeynik qaydalara əməl olunmaması, ərzaqların dəfələrlə baha qiymətə şagirdlərə satılması «Gənc Liderlər» Uşaq Təşkilatını ciddi narahat edir: «Bu gün bəzi orta təhsil müəssiələrinin bufetlərində saxta, istifadə müddəti bitmiş keyfiyyətsiz məhsullar şagirdlərə baha qiyətlərə satılır. Hesab edirik ki, hansısa işbazların üzündən gələcəyimiz sayılan uşaqların sağlamlıqlarını itirmələri yolverilməz haldır. Belə məktəblər müəyyənləşdirilməli və həmin məktəbin bufetinin işinə dərhal xitam verilməlidir».
T.Əliyevin sözlərinə görə, yaradılan Araşdırma Qrupuna 5 məktəbin nümayəndələri daxil edilib. Aparılacaq araşdırmalar bütün dərs ilini əhatə edəcək və ilkin nəticələr dekabr ayında açıqlanacaq. Araşdırma Qrupunun rəhbəri deyir ki, GLUT keyfiyyətsiz məhsullar satan bufetləri müəyyənləşdirib, onların adını mətbuat vasitəsi ilə əlaqədar qurumların nəzərinə çatdırmaq niyyətindədir.
"GƏNC LİDERLƏR" UŞAQ TƏŞKİLATI YENİ NƏTİCƏLƏRİ AÇIQLADI
Yazar: LIDER @ Noyabr 16, 2008 12:31
«Gənc Liderlər» Uşaq Təşkilatı(GLUT) ənənəvi olaraq elan etdiyi «Uşaqların Dostu» nominasiyasının növbəti qaliblərinin adını açıqlayıb. Təşkilatın sədri Fərid Şahbazlının mətbuata verdiyi mədumata görə, sentiyabr, oktyabr və noyabr ayının ilk ongünlüyünü əhatə edən monitorinq, sorğu və araşdırmaların nəticəsi olaraq GLUT növbəti qalibləri müəyyənləşdirib. Bu dəfə ki, soğulara onlarla məktəbin şagird parlamentlərinin üzvlərinin də qatıldığını deyən F.Şahbazlı nəticələrin real faktlara söykəndiyini bildirib.
Belə ki, nəticələrə son üç ay ərzində millət vəkillərindən Fəttah Heydərov, Aydın Mirzəzadə, Nazim Məmmədov, Zahid Oruc, Nizami Cəfərov və Yaqub Mahmudov uşaq hüquqları sahəsində fəallıqları ilə fərqlənərək, «Uşaqların Dostu» seçiliblər. Millət vəkilləri uşaqların sosial-məişət, təhsil problemlərinin həlli və onların fəaliyyətinə dəstək verilməsində mühüm rol oynayıblar.
Azərbaycanın Təhsil naziri Misir Mərdanov və Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova isə son 3 ayın nəticələrinə görə, ən fəal dövlət məmuru nominasiyası üzrə «Uşaqların Dostu» seçiliblər.
İctimaiyyətə ən açıq Mətbuat Xidməti nominasiyası üzrə isə növbəti dəfə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov və XİN-in Mətbuat katibi Xəzər İbrahim fərqlənərək, «Uşaqların Dostu» seçiliblər.
Mediadan isə qaliblər bir neçə kateqoriya üzrə seçilib. Nəticələrə görə, Televiziya proqramlarından İTV-nin «Carçı», Lider TV-nin isə «Səda» İnformasiya proqramları uşaqların, onların birləşdikləri təşkilatların fəaliyyətlərini ən çox və obyektiv işıqlandıran proqramlar seçiliblər. Qəzetlərdən «Olaylar», «Həftə-İçi», «Xalq Cəbhəsi», «Üç nöqtə» və «Şərq» qəzetləri «Uşaqların Dostu» adına layiq görülüblər. «Səs» İnformasiya Agentliyi və Azərtac Dövlət Teleqraf Agentliyi isə uşaqlara ən çox dəstək verən agentliklər seçiliblər. «Qaynar» və «Lent.az» İnformasiya portalları da «Uşaqların Dostları» sırasında yer alıblar.
Xatırladaq ki, sorğunun nəticələri barədə əksər beynəlxalq uşaq təşkilatlarına məlumat veriləcək!
"GƏNC LİDERLƏR" UŞAQ TƏŞKİLATI XIZIDAN SƏFƏRDƏN QAYITDI
Yazar: LIDER @ Noyabr 10, 2008 15:14
«Gənc Liderlər» Uşaq Təşkilatı Xızıdan səfərdən qayıdıb. Xızı rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşan səfərdə məqsəd rayonda təhsilin və uşaq hüquqlarının vəziyyəti ilə tanış olmaq, uşaq parlamentlərinin yaradılması işinə dəstək vermək olub.
«Gənc Liderlər» Uşaq Təşkilatının nümayəndə heyətinin Xızı rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə görüşündə çıxış edən GLUT sədri Fərid Şahbazlı dövlətin uşaq hüquqlarına göstərdiyi diqqət və qayğıdan söz açaraq, region məktəblilərinin də uşaq hərəkatının formalaşması işinə cəlb olunmasının vacibliyini vurğulayıb. F.Şahbazlı uşaq parlamentlərinin yaradılmasının əhəmiyyətindən danışaraq, əyalət məktəblilərinin hüquqlaranın qorunması üçün belə qurumların böyük rolunun olacağını deyib.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı V.Abdullayev də uşaqlara, onların problemlərinə diqqət göstərilməsinin vacibliyini vurğulayıb. O, bu işdə Xızının daim öndə olacağını deyib.
Səfər çərçivəsində Xızı rayon Təhsil şöbəsinin rəhbərliyi ilə də görüşən GLUT üzvləri rayonun 1 saylı Mərkəzi məktəbində və Sitalçay Hərbi Hissə Məktəbində təhsilin və uşaq hüquqlarının səviyyəsi ilə maraqlanıblar. Məktəblərdə uşaq hüquqlarının qorunmasından, demokratik abu-havadan, vahid forma qərarının icrasından razı qalan təşkilat üzvləri uşaq parlamentlərinin yaradılması üçün də konkret təkliflər irəli sürüblər.
Səfər zamanı GLUT üzvləri Xızı rayon İcra Hakimiyyətinə və rayonun məktəblərinə təşkilatın təşəbbüsü ilə nəşr olunmuş «Mehriban Əliyeva olduğu kimi» kitabını da hədiyyə ediblər.
UŞAQ PARLAMENTLƏRİNİN BAKI ŞƏHƏR KONFRANSI KEÇİRİLDİ
Yazar: LIDER @ Oktyabr 31, 2008 3:07
Millət vəkilləri GLUT-un təklifinə dəstək verdilər
Bu gün Atatürk Mərkəzində «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə paytaxt məktəblərində fəaliyyət göstərən Uşaq Parlamentlərinin Bakı Şəhər Konfransı keçirilib. Bakının 15 məktəbinin uşaq parlamentlərinin iştakı ilə təşkil olunan tədbirdə uşaq parlamentlərinin vəziyyəti, onların təhsildə və məktəblərin idarəsində rolundan danışılıb.
Konfransı giriş sözü ilə açan «Gənc Liderlər» Uşaq Təşkilatının(GLUT) sədri Fərid Şahbazlı uşaq parlamentlərinin hər bir təhsil ocağından yaradılmasının vacibliyini vurğulayaraq, parlamentlərin məktəblilərin gənc lider kimi yetişməsində çox ciddi rol oynayacağını bildirib. Onun sözlərinə görə, uşaq parlamentləri həm uşaqların asudə vaxtlarının səmərəli təşkilinə, həm uşaq hüquqlarının məhz özləri tərəfindən qorunmasına, həmdə sabahın gəncləri arasında parlament ənənələrinin yaranmasında zəruri amillərdəndir. Odur ki, uşaq parlamentlərinə dövlətin və ictimai qurumların qayğısının artırılmasını vacib sayan GLUT sədri təşkilatın bu məqsədlə xüsusi təkliflər hazırladığını diqqətə çatdırıb.
Kofransda qonaq qismində çıxış edən Millət vəkilləri Zahid Oruc və Nazim Məmmədov da uşaq parlamentlərinin önəmindən danışaraq, bu parlamentlərin səmərəli fəaliyyəti üçün müvafiq şəraitin yaradılmasının vacibliyini vurğulayıblar.
Daha sonra Bakının 7, 47, 158, 286, Zərifə Əliyevə adına Məktəbinin Uşaq Parlamentlərinin sədrləri məruzə ilə çıxış ediblər.
- Paytaxt məktəblərində fəaliyyət göstərən Uşaq Parlamentlərinin Bakı Şəhər Konfransı aşağıdakı təkliflərlə çıxış edib:
- Təhsil nazirliyi bütün orta məktəblərdə Uşaq parlamentlərinin yaradılması haqqında qərar versin və parlamentlərin vahid əsasnaməsi təmin olunsun
- Uşaq parlamentlərinin məktəblərin Ali şagird tribunasına çevrilməsi üçün müvafiq şərait yaradılsın(parlamentlərin otaq, texniki avadanlıqlarla təmini)
- Təhsil nazirliyinin məktəblərin idarəsi üçün ayırdığı vəsaitdən Uşaq parlamentlərinin fəaliyyəti üçün maliyyə ayrılsın
- Uşaqlarla bağlı qərarların qəbulu, təhsildəki yeniliklərin tətbiqi zamanı Uşaq parlamentlərinin təklifləri nəzərə alınsın
- Uşaq parlamentlərinin fəaliyyətlərinin stimullaşdırılması üçün hər ay fəallığı ilə seçilən parlamentlər və onların rəhbərləri mükafatlandırılsın
«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI UŞAQ TELEVİZİYASININ YARADILMASINI ZƏRURİ SAYIR
Yazar: LIDER @ Oktyabr 21, 2008 5:10
Fərid Şahbazlı: «Belə davam edərsə uşaqlarımızın mənəviyyatını xilas edə bilməyəcəyik»
«Gənc Liderlər» Uşaq Təşkilatı artıq bir neçə ildir ki, irəli sürdüyü Azərbaycanda Uşaq Televiziyasının yaradılması təklifinin son dövrlər daha da aktuallaşdığını və zərurətə çevrildiyini hesab edir. Bu barədə açıqlama ilə «Gənc Liderlər» Uşaq Təşkilatının(GLUT) sədri Fərid Şahbazlı çıxış edib. Onun sözlərinə görə, bir neçə ildir ki, Azərbaycanın efir məkanını bürüyən əxlaqsız və bayağı verilişlər bumu son zamanlar daha da çoxalmışdır:
«Bu gün bir neçə televiziya istisna olmaqla digər kanallar Azərbaycan uşağına, yeniyetməsinə yaxşı heç nə vermir. Ucuz şou-proqramlar, günün günorta saatlarında efirə verilən əxlaqsız filmlər, mənəviyyatsız gənclərin təbliği ölkəmizin gələcəyini uçuruma doğru aparır. Bu gün nümunə sayılan televiziyadan hansısa müğənninin ailə-məişət söhbətlərini örnək götürən uşağdan biz gələcəkdə hansı mədəniyyəti tələb edə bilərik? Bu ölkənin 20% torpağı erməni taptağındadır. Amma məhz TV-lərin maarifləndirmə işinə diqqət yetirməməsi səbəbindən işğal olunmuş rayonları tanımayan məktəblilər də var.»
GLUT sədrinin sözlərinə görə, son proseslər Azərbaycanda yaxın gələcəkdə Uşaq Televiziyasının yaradılmasını zəruri edib. F.Şahbazlı rəhbərlik etdiyi təşkilatın bu layihə ilə bağlı maraqlı təklifi olduğunu qeyd edərək, ilkin mərhələ üçün bir neçə variant üzərində düşünmək mümkün olduğunu diqqətə çatdırıb: «Təklif edirik ki, ilk mərhələ və praktika üçün uşaq televiziyasını hər hansı bir TV-nin efiri çərçivəsində həyata keçirmək olar. İlk olaraq, TV-lərdən birinin 1 günlük efiri uşaq televiziyasına verilə və sınaq verilişləri təşkil oluna bilər. Hesab edirik ki, bu kanalad uşaq və yeniyetmələrlə bağlı çoxşaxəli maraqlı proqramlar efirə vermək mümkündür ki, bu da uşaqların çox ciddi marağına səbəb ola bilər».
Fərid Şahbazlı hesab edir ki, əgər televiziyalarımız öz efir siyasətin dəyişməzsə Azərbaycan uşaqlarının mənəviyyatını xilas etmək, psixologiyasını qorumaq mümkün olmayacaq. Odur ki, «Gənc Liderlər» bu istiqamətdə fəaliyyətini davam etdirəcək və lazım gələrsə ölkə rəhbərliyinə müraciət edəcək.
«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI MİLLİ MÜSTƏQİLLİK GÜNÜNÜ QEYD ETDİ
Yazar: LIDER @ Oktyabr 20, 2008 4:24
«Gənc Liderlər» Uşaq Təşkilatının(GLUT) təşəbbüsü ilə 18 Oktyabr Milli Müstəqillik Günü münasibəti ilə təşkilatın ofisində «Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır» mövzusunda növbəti tədbir keçirilib. GLUT-un elan etdiyi «Azərbaycan həqiqətlərini öyrənirik!» adlı silsilə-tədbirlər çərçivəsində baş tutan müzakirədə bir sıra tanınmış ictimaiyyət nümayəndələri, müxtəlif məktəblərin şagird parlamentlərinin rəhbərləri və üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı Azərbaycanın çox ağır şərtlər və mübarizələr sayəsində öz müstəqilliyinə qovuşduğunu bildirərək, hazırkı dönəmdə bu müstəqilliyin daha mütərrəqqi və möhkəm dayaqlar üzərində mövcud olduğunu diqqətə çatdırıb. Ölkəmizin müstəqillik tarixinə qısaca nəzər salan GLUT sədri dövlətimizin çox ağır vəziyyətdən, bugünki dinamik inkişaf həddinə çatması yolunda qarşılaşdığı manelərdən söz açıb. Azərbaycanın daima dünya dövlətlərinin diqqətində olduğunu nəzərə çatdıran F.Şahbazlı yalnız ümummilli lider Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində inkişafa qovuşduğumuzu deyib. Fərid Şahbazlı müstəqilliyimizin möhkəmləndirilməsində prezident İlham Əliyevin fəaliyyətini də xüsusi qeyd edib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva da ölkəmizin müstəqillik əldə etdiyi ilk illərdə çox ağır durumda olduğunu xatırladaraq, yalnız millətimizin şücaəti və Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın inkişaf etmiş dövlətə çevrildiyini bildirib. S.Quliyeva müstəqilliyimizin ilk illərinin dövlətimiz üçün son dərəcə təhlükəli olduğunu deyərək, yalnız ölkə iqtidarının gərgin səyləri nəticəsində təhsilin, səhiyyənin, ordunun tərəqqiyə qovuşduğunu diqqətə çatdırıb.
Tədbir uşaqlarla qonağların qarşılıqlı müzakirələri ilə davam edib.
«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI İLHAM ƏLİYEVİ TƏBRİK ETDİ
Yazar: LIDER @ Oktyabr 17, 2008 20:14
GLUT sədri Fərid Şahbazlı dövlət başçısına uşaqların xoş arzularını ifadə edən təbrik məktubu göndərib
«Gənc Liderlər» Uşaq Təşkilatının(GLUT) sədri Fərid Şahbazlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevi dövlət başçısı seçilməsi münasibəti ilə təbrik edib. Bu barədə məlumat təşkilatın Mətbuat Xidmətindən daxil olub. Xəbərə görə, «Gənc Liderlər» Uşaq Təşkilatı adından prezidentə göndərilən məktubda F.Şahbazlı İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanmasını xalqın dövlət başçısına olan böyük sevgisi kimi diqqətə çatdırıb. GLUT sədri Prezidentə göndərdiyi müraciətdə rəhbərlik etdiyi təşkilatın səsvermə hüququ əldə etmiş üzvlərinin seçkilərdə İlham Əliyevi dəstəklədiyini diqqətə çatdıraraq, Azərbaycan uşaqlarının ən xoş arzu və təbriklərini xüsusi qeyd edib! Şahbazlı ölkə uşaqlarının və gənclərinin daima prezidentlə olacağını bildirib!
«UŞAQLARIN DOSTLARI» BƏLLİ OLDU
Yazar: LIDER @ Oktyabr 1, 2008 20:48
«Gənc Liderlər» Uşaq Təşkilatı sentiyabr ayı üçün nəticələri açıqladı
«Gənc Liderlər» Uşaq Təşkilatının(GLUT) hər ay elan etdiyi «Uşaqların dostu» nominasiyası üzrə qaliblərin adı açıqlanıb. Bu barədə məlumatı təşkilatın sədri Fərid Şahbazlı verib. GLUT sədrinin sözlərinə görə, təşkilatın müavafiq departanmentlərinin apardığı araşdırma, monitorinq və sorğular əsasında tərtib olunan siyahıda bu dəfə də uşaqlara qarşı diqqəti ilə fərqlənən şəxs və qurumların adı yer alıb.
Belə ki, Heydər Əliyev Fondunun prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva setiyabr ayının nəticələrinə görə, Azərbaycan uşaqlarına göstərdiyi sonsuz mənəvi və maddi diqqətə, onların problemlərinə verdiyi önəmə görə növbəti dəfə «Azərbaycan Uşaqlarının Dostu» seçilib.
Sentiyabr ayı üçün uşaqlara ən çox dəstək verən Millət vəkilləri sırasında Ülvi Quliyev, Nazim Məmmədov, Fəttah Heydərov, Elmira Axundova və Fuad Muradovun adları yer alıb. Adıçəkilən millət vəkilləri uşaqlarla yanaşı, uşaq təşkilatlarının da fəaliyyətlərinə göstərdikləri qayğıya görə «Uşaqların Dostu» seçiliblər.
Səbail Rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova və Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov isə uşaqlara ən çox dəstək verən dövlət məmuru nominasiyası üzrə fərqləniblər. Nominantlar uşaqların sosial problemlərinin həllib asudə vaxtlarının səmərəli təşkilində göstərdikləri fəallığa görə «Uşaqların Dostu» seçiliblər.
Sentiyabr ayı üçün ictimaiyyətə ən açıq mətbuat xidməti rəhbəri nominasiyası üzrə isə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytnant Vaqif Əsədov və Nəqliyyat nazirliyinin Katibliyinin rəhbəri Namiq Həsənov fərqləniblər. Nominatlar uşaqlar və uşaq təşkilatları ilə sıx əməkdaşlıqlarına görə, qaltb olublar.
Media qurumlarından isə, «Üç nöqtə», «Olaylar», «Şərq», «Xalq Cəbhəsi», «Həftə içi» qəzetləri, «lent.az», «Mediaforum» və «Presspost» İnternet portalları «Uşaqların Dostu» seçiliblər. Televiziyalardan AzTV, radiolardan isə «Azadlıq» radiosunun «Can Bakı» proqramı qalib olub. «Azərtac» Dövlət Teleqraf Agentliyinin direktoru Aslan Aslanov isə uşaqlara ən çox dəstək verən media nümayəndəsi nominasiyası üzrə fərqlənib.
Tanınmış yazıçı-publisist Yunus Oğuzun «Nadir Şah» romanı isə sentiyabr ayının ən çox oxunan əsəri seçilib.
«AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİ ÖYRƏNİRİK!»
Yazar: LIDER @ Sentyabr 29, 2008 18:54
«Gənc Liderlər» Uşaq Təşkilatı(GLUT) «Azərbaycan həqiqətlərini öyrənirik!» adlı silsilə tədbirlərə start verib. 27 sentiyabr tarixində təşkilatın ofisində silsilə-tədbirlərin açılışı olub. «Azəri-Türk» Qadınlar Birliyinin sədr müavini Adilə Cahangirli, Qarabağ Azadlıq Təşkilatının(QAT) sədr müavini Fəridə Əsgərova və Dünya Azərbaycanlıları Konqresinin(DAK) Gənclər Şurasının sədri Samir Turanın qonaq qismində iştirak etdiyi toplantıda «Dağlıq Qarabağ problemi: uşaqlar nə dşünürür» adlı mövzu müzakirə olundu.
Tədbiri giriş sözü ilə açan Fərid Şahbazlı azərbaycanlı uşaqların son zamanlar beynəlxalq təşkilatların Qarabağ problemi ətrafında apardığı imitasiyalardan narahat olduqlarını və bu cür siyasətə son qoyulmasını tələb etdiklərini diqqətə çatdırdı: «ATƏT-in Minsk qrupu, bütün beynəlxalq təşkilatlar Azərbaycanını ərazi bütövlüyünü tanıdıqlarını, Qarabağın ölkəmizin ayrılmaz tərikb hissəsi olduğunu söyləyirlər. Əgər elədirsə o zaman biz ermənilərlə nəyin davasını aparırıq? Dünya ictimaiyyəti niyə Ermənistan qarşısında torpaqlarımızı boşaltmaq haqqında sərt tələb qoymur?».
Daha sonra F. Şahbazlı «Gənc Liderlər»in Qarabağ probleminin həllində prinsipial mövqe nümayiş etdirən İlham Əliyevi həmişə dəstəkləməyə hazır olduğunu diqqətə çatdırdı.
Daha sonra tədbir uşaqlarla qonağların qızğın müzakirələri ilə davam etdi.
Tədbirdə Bakının 47, 7, 158, Akademik Zərifə Əliyeva adına Məktəbin şagirdləri iştirak edirdi. Xatırladaq ki, «Azərbaycan həqiqətlərini öyrənirik!» adlı silsilə tədbirlər çərçivəsində uşaqlara tanınmış simaların müxtəlif mövzular üzrə müzakirələri dərs ilinin sonuna qədər davam edəcək.
«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI DAHA BİR MƏKTƏBDƏ ŞAGİRD PARLAMENTİ TƏSİS ETDİ
Yazar: LIDER @ Sentyabr 24, 2008 3:04
GLUT eyni zamanda «Azərbaycan həqiqətlərini öyrənirik!» adlı silsilə tədbirlərə start verib
«Gənc Liderlər» Uşaq Təşkilatı(GLUT) daha bir ümumtəhsil orta məktəbində şagird parlamenti təsis edib. Bu barədə açıqlama ilə çıxış edən GLUT sədri Fərid Şahbazlı təşkilatın Hüquq departanmentinin təşəbbüsü ilə yaradılan parlamentin ilk dərs ilini yaşayan Akademik Zərifə Əliyeva adına Məktəbdə fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. F.Şahbazlının sözlərinə görə, artıq tərkibi müəyyənləşdirilən şagird parlamentinin fəaliyyətinə məktəb rəhbərliyi tərəfindən lazımı şərait yaradılıb. Müxtəlif komissiyaların mövcud olduğu Şagird parlamentinin bu günlərdə GLUT rəhbərliyinin iştirakı ilə təqdimatı baş tutacaq. Qurumun məktəbdə şagirdlərin əsas tribunası olacağını diqqətə çatdıran təşkilat sədri bu parlamentin GLUT-un təşəbbüsü ilə təsis olunan 11-ci şagird parlamenti olduğunu diqqətə çatdırdı.
«Gənc Liderlər» Uşaq Təşkilatından(GLUT) verilən digər məlumata görə isə, qurum sentiyabr ayının sonundan etibarən «Azərbaycan həqiqətlərini öyrənirik!» adlı silsilə tədbirlərə start verib. Dərs ilinin sonuna kimi davam edəcək tədbirlər zamanı müxtəlif məktəbləri əhatə edən şagirdələrlə Azərbaycanın tanınmış ictimai xadimlərinin, millət vəkillərinin görüşləri təşkil olunacaq. Müzakirələr formatında keçiriləcək görüşlər zamanı Azərbaycan tarixinin ən önəmli məqamları, Dağlıq Qarabağ problemi barədə uşaqlarla tanınmışların fikir mübadiləsi təşkil olunacaq. GLUT-un Mətbuat Xidmətinin məlumatına görə, 20 göoüşdən ibarət olacaq silsilə tədbirlərin sonunda fərqlənən şagirdlər təşkilatın fəxri diplomları ilə təltif olunacaq!
FƏRİD ŞAHBAZLI AZƏRBAYCAN GƏNCLƏRİNİN V FORUMUNA NÜMAYƏNDƏ SEÇİLDİ
Yazar: LIDER @ Sentyabr 19, 2008 3:03
Cənab prezidentin də qatılacağı toplantıda GLUT sədri Nəsimi rayonunu təmsil edəcək
Ötən gün Xarici Dillər Universitetinin Akt zalında Nəsimi rayon gənclərinin V forumu keçirildi. Forumda bir sıra məsələlər müzakirə olunmaqla yanaşı, oktyabr ayında keçirilməsi planlaşdırılan Azərbaycan Gənclərinin V Forumuna Nəsimi rayonundan nümayəndələr seçildi. Ölkə prezidentinin qatılacağı foruma 400-ə yaxın gəncdən 56-nın nümayəndə seçildiyi heyət arasında, «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı da var. GLUT sədri bu mötəbər tədbirdə «Gənc Liderlər»i və Nəsimi rayonunu təmsil edəcək
Xatırladaq ki, Nəsimi gənclərinin forumunda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili, prezident İlham Əliyevin vəkili Məlahət Həsənova və digərləri iştirak edirdi.
GLUT VƏ DYP BİRGƏ TƏHLÜKƏSİZLİK AYLIĞINA BAŞLADI
Yazar: LIDER @ Sentyabr 15, 2008 17:35
«Gənc Liderlər» Uşaq Təşkilatı(GLUT) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi(DYP) 10 sentiyabr-10 oktyabr tarixlərində «Diqqət uşaqlar!» adlı təhlükəsizlik aylığına başlayıb. Bu barədə məlumat təşkilatın mətbuat xidmətindən verilib. Xəbərə görə, təhlükəsizlik aylığında məqsəd son sayı durmadan artan uşaq ölümünə qarşı mübarizə, yol mədəniyyətinin gənclərdə və yeniyetmələrdə yüksəldilməsi və uşaqların yol hərəkəti qaydalarını öyrənməsidir. Aylıq çərçivəsində Bakının 20-ə yaxın məktəbində uşaqlarla görüşlərin keçirilməsi, mütəxxəsislərin, DYP əməkdaşlarının şagirdlərə treninqlər keçirməsi nəzərdə tutulur. Təhlükəsizlik aylığının sonunda isə uşaqlar və yol təhlükəsizliyi işində fərqlənən məktəb və şagirdlərin təltif olunması planlaşdırılır.
Xatırladaq ki, «Diqqət uşaqlar» Təhlükəsizlik ayının kooridantorları «Gənc Liderlər» Uşaq Təşkilatı tərəfdən qurumun sədri Fərid Şahbazlı, DYP tərəfdən isə idarənin İctimai qurumlarla əlaqələr bölməsinin rəisi, polkovnik-leytnant Vaqif Əsədovdur.
GLUT və DYP bütün medianı uşaqlarımızın gələcəyi naminə aksiyaya dəstək verməyə çağırır!
«MƏKTƏBİ UŞAĞIN DOSTUNA ÇEVİRMƏLİYİK»
Yazar: LIDER @ Sentyabr 14, 2008 16:19
Fərid Şahbazlı: «Nə qədər ki, müəllim şagirdə bir şəxsiyyət kimi deyil, maaş obyekti kimi baxır, təhsilimizin inkişafı mümkün olmayacaq»
«Gənc Liderlər» Uşaq Təşkilatının sədrinin «Xalq Cəbhəsi» qəzetinə müsahibəsi
-Bir neçə gündən sonra yeni dərs ilinə qədəm qoyuruq. Dərs ilinə hazırlıqları necə qiymətləndirirsiz?
- Dərs ilinə hazırlıqlar yüksək səviyyədə həyata keçirilir. Artıq bizdə olan məlumata görə, məktəblərdə vahid formaların şagirdlərə paylanılmasına da başlanılıb. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın 1-ci sinif şagirdlərinə hədiyyə etdiyi şagird çantaları və ləvazimatlarının da məktəbələrə çatdırılması başa çatıb.
Amma təbii ki, problemlər də olmamış deyil. Təşkilatımıza bir sıra məktəblərdə artıq indidən müxtəlif məqsədlər üçün rüşvət yığımına başlanması haqqında məlumatlar daxil olur. Bununla yanaşı, bəzi məktəb direktorlarının formalarla bağlı qanunsuzluq etməsi haqqında da xəbərlər dolaşır. Konkret faktlar əldə edincə onu müvafiq instansiyalara təqdim edəcəyik.
- Dediyiniz kimi, yeni tədris ilinə hazırlıqlar başa çatmaq üzrədir. Sizcə bu çalışmalar təhsilin inkişafına nə qədər təsir göstərəcək?
- Hesab edirəm ki, görülən işlər bütün hallarda təhsilin inkişafına olan istəyin göstərcisidir. Əsas məsələ odur ki, dövlət, hökumət təhsilin tərəqqisində maraqlı olsun. Yəni bu gün normal təhsil üçün lazımı qədər şərait var. Sadəcə müəllimlərdən, məktəb direktorlarından işlərinə daha məsuliyyətlə yanaşması tələb olunur. Nə qədər ki, müəllim şagirdə bir şəxsiyyət kimi deyil, maaş obyekti kimi baxır, təhsilimizin inkişafı mümkün olmayacaq.
Amma bütün hallarda edilən işlər təhsilin inkişafına yardım etməyəcək demək ədalətsizlik olar. Son zamanlar dərs kitablarının, bu ildən isə məktəb çantalarının şagirdlərə hədiyyə edilməsi valideynlərin sosial problemlərini bir qədər yüngəlləşdirir.
- Vahid məktəbli formasından söz düşmüşkən, bir çoxları bu addımı uşaq hüquqlarının pozulması kimi dəyərləndirir…
- Mən isə əksinə düşünürəm. Hesab edirəm ki, təhsil naziri Misir Mərdanovun bütün söz-söhbətlərə rəğmən bu barədə qərar qəbul etməsi çox ciddi iradənin nəticəsidir. Hamının eyni formada, təmiz səliqəli şəkildə geyinməsinin nəyi pisdir? Bundan əvvəl məktəblərdə elə şagirdlərə rast gəlirdin ki, insanda onun məktəbi restoranla səhv saldığı təəsüratı yaranırdı. Vahid forma şagirdlər arasında sosial bərabərsizliyi aradan qaldırmaqla yanaşı, həmdə təhsil sisteminə bir düzən gətirdi, şagirdin əsl məktəbli kimi görünməsinə yardım etdi. Əksinə əslində vahid formanın tətbiqi ilə bir növ pozulan uşaq hüquqları bərpa olundu.
- «Gənc Liderlər» Uşaq Təşkilatı olaraq yeni tədris ilində hansı tədbirləri planlaşdırırsınız?
- Yeni tədris ilinə yeni güc və enerji ilə başlamışıq. Sıralarımızda yenişlənməkdə davam edir. Artıq sentiyabrın 10-dan oktyabrın 10-dək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə «Diqqət uşaqlar!» adlı təhlükəsizlik ayılığına başlamışıq. Bundan əlavə bu il əsas məqsədimiz Şagird parlamentlərinin inkişafına nail olmaq, onları məktəblilərin ən ali tirubanasına çevirməkdir. Çalışacağıq ki, bu tədris ilində məktəbi uşağın dostuna çevirə bilək. Bu işdə bizə dəstək verən hər kəsə, o cümlədən «Xalq Cəbhəs»nə dərin təşəkkürümüzü bildiririk.
«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATININ QURULTAYI KEÇİRİLDİ
Yazar: LIDER @ Sentyabr 9, 2008 2:57
Fərid Şahbazlı yenidən qurumun sədri seçildi
Bu gün «Gənc Liderlər» Uşaq Təşkilatının(GLUT) Qurultayı keçirilib. Qurultaya seçilən 40 nəfərdən 32-nin iştirakı ilə baş tutan toplantıda bir sıra cari məsələlər, qurumun gələcək fəaliyyəti və rəhbər strukturlarına seçkilər keçirilib.
Təşkilatı sədri, departanment rəhbərləri çıxış edərək fəaliyyətdə olduğu 2 il ərzində «Gənc Liderlər» Uşaq Təşkilatının böyük uğurlar əldə etdiyini, bu müddət ərzində 267 layihə həyata keçirdiyini diqqətə çatdırıblar. Qurultay nümayəndələri bu gün təşkilatın fəxri üzvləri sırasında 14 millət vəkili, nazirlər, komitə rəhbərləri və tanınmış alimlərin olmasını «Gənc Liderlər» Uşaq Təşkilatının məqsədyönlü fəaliyyətinin nəticəsi kimi dəyərləndiriblər. Təşkilatın üzvləri «Gənc Liderlər»in fəaliyyəti zamanı uşaq hüquqlarına qarşı hər hansı təhlükəyə, baş verən proseslərə qəti mövqe bildirməsini də xüsusi qeyd ediblər. Onlar bundan sonra da təşkilatın fəaliyyətində Uşaq Hüquqları, Qarabağ, Yol hərəkəti qaydaları kimi istiqamətlərin prioritet olacağını bəyan ediblər.
Qurultay iştirakçıları eyni zamanda Azərbaycan hökumətinin uşaq hüquqlarına olan diqqətindən razılıq edib, Millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara olan qayğısını xüsusi qeyd ediblər. Təşkilatın üzvləri qarşıdakı prezident seçkilərində qurumun ölkə başçısı İlham Əliyevi dəstəkləyəcəklərini də diqqətə çatdırıblar.
Daha sonra qurumun rəhbərliyinə yenidən seçkilər keçirilib. Fərid Şahbazlı 32 qurultay iştirakçısının hamısının səsini qazanmağla növbəti 2 il üçün təşkilatın sədri seçilib. Tural Əliyev GLUT sədrinin I müavini seçilib. Qurultay eyni zamanda təşkilatın Hüquq, Təhsil, Qarabağ, Ekologiya, İdman departanmentlərini və Mətbuat Xidmətini formalaşdırıb.
Qurultay iştirakçıları həm də GLUT-un təşəbbüsü ilə yaradılan Bakı Məktəbliləri Parlamentinin(BMP) fəaliyyətinə xitam verilməsi və parlament üzvlərinin təşkilata birləşməsi haqqında qərar çıxarıb.
«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATINDAN GÜRCÜ UŞAQLARINA DƏSTƏK
Yazar: LIDER @ Avqust 16, 2008 3:02
Fərid Şahbazlı:«Azərbaycan uşaqları olaraq gürcü uşaqlarına olan dəstəyimizi bəyan edirik»
«Gənc Liderlər» Uşaq Təşkilatı Rusiyanın Gürcüstanda apardığı hərbi əməliyyatlar zamanı bu ölkənin Uşaq düşərgəsini bombalamasını ciddi şəkildə pisləyir. Bu barədə açıqlama ilə çıxış edən təşkilatın sədri Fərid Şahbazlı Rusiyanın Gürcüstanı işğalla kifayətləməyərək, uşaq düşərgəsinə də raket zərbələri endirməsini BMT-nin qərarlarının və Uşaq Hüquqları üzrə Beynəlxalq Konvensiyanın 38-ci maddəsinin tələblərinin pozulması kimi dəyərləndirib: « Rusiya uşaq hüquqları ilə bağlı heç bir beynəlxalq qərarlara əməl etməyərək, gürcü uşaqlarının həyatı üsün təhlükə yaradıb. Bu ölkə özünün də qoşulduğu Uşaq Hüquqları Konvensiyasının bəndlərini kobud şəkildə pozub. Biz Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və gürcü uşaqlarına qarşı hər hansı hüquq pozuntusuna qəti şəkildə etiraz edirik. Rusiyanın bu addımları bütövlükdə dünya uşaqlarına qarşı təhlükədir. Azərbaycan uşaqları olaraq bunu qətiyyətlə pisləyir və gürcü uşaqlarına olan dəstəyimizi bəyan edirik».
Fərid Şahbazlı eyni zamanda, «Gənc Liderlər» Uşaq Təşkilatının baş verən olayla əlaqədar olaraq, etiraz məktubunu bir sıra beynəlxalq uşaq təşkilatlarına da təqdim edəcəyini diqqətə çatdırıb
«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI UŞAQ PARLAMENTLƏRİNİN VƏZİYYƏTİNDƏN NARAHATDIR
Yazar: LIDER @ İyul 31, 2008 4:16
Fərid Şahbazlı: «Bəzi məktəb direktorları uşaq parlamentlərinin fəaliyyətinə və yaradılmasına imkan vermir»
«Gənc Liderlər» Uşaq Təşkilatı(GLUT) yeni tədris ilindən etibarən orta məktəblərdə şagird parlamentlərinin yaradılması və fəaliyyətlərinin təkmilləşdirilməsi işininə başlayacaq. Bu barədə açıqlama ilə təşkilatın sədri Fərid Şahbazlı çıxış edib. Təşkilat sədrinin sözlərinə görə, bu gün orta təhsil müəssələrində fəaliyyət göstərən şagird parlamentlərinin durumu bir o qədər də yaxşı deyil: «Bu gün ölkə ərazisində şagird parlamenti mövcud olmayan yüzlərlə məktəb var. Belə təhsil ocaqlarının şagirdlərinin fikirlərini çatdırmaq, hüquqlarını qorumaq üçün uşaq parlamentinə ehtiyacları var. Amma təəsüflə qeyd etməliyəm ki, təhsil nazirinin uşaq parlamentlərinin yaradılması haqqında qərarı olmasına baxmayaraq, bəzi məktəb rəhbərləri buna imkan vermək istəmir. Bu gün Azərbaycan dövləti və qanunları uşaqlar üçün yararlı təhsil və ictimai mühit yaratmağ əzmində olsa da, bəziləri bundan boyun qaçırmağa çalışır. Bunun kökündə isə bir sıra məktəb rəhbərlərinin uşaqların öz hüquqlarını bilib və qorumasınından narahat olması durur».
Fərid Şahbazlı bunları nəzərə alaraq, yeni tədris ilindən etibarən GLUT-un orta məktəblərdə uşaq parlamentlərinin yaradılması ilə bağlı yeni layihə həyata keçirəcəyini bildirib. Təşkilatın rəhbəri qarşıdakı aylarda GLUT-un təşkilatçılığı ilə Bakı məktəblərindəki uşaq parlamentlərinin şəhər konfransının keçirilməsinin planlaşdırıldığını qeyd edib.
«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI CƏNUB RAYONLARINA SƏFƏRDƏN QAYITDI
Yazar: LIDER @ İyul 30, 2008 1:45
Cənubda erkən nigah tüğyan edir
«Gənc Liderlər» Uşaq Təşkilatının bir qrup üzvünun ölkənin cənub regionuna 1 həftəlik səfəri başa çatıb. Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlı bildirib ki, səfər çərçivəsində təşkilatın üzvləri Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran rayonlarından olub, bu şəhərlərin təhsil ictimaiyyəti, müəllim və şagirdlərlə görüşüblər.
Fərid Şahbazlının sözlərinə görə, səfər zamanı aparılmış monitorinq və araşdırmalar cənub rayonlarında təhsilin və uşaq hüquqlarının vəziyyətinin heçdə ürəkaçan olmadığını göstərib.
Araşdırmalar zamanı, cənub regionunda, xüsusilə də Cəlilabad və Masallıda 12-16 yaşlı qızlar arasında erkən nigahın durmadan artdığı, bu rayonlardan qızların əksəriyyətinin yalnız ibtidasi təhsil aldığı üzə çıxıb.
«Gənc Liderlər»in araşdırmaları zamanı həm də, artıq yerli strukturların Cəlilabad və Masallıda erkən nigaha maneə ola bilmədiyi və bu səbəbdəndə ailə quran məktəbli qızların adlarının saxta yollarla təhsil alan şagirdlərin siyahısından çıxarıldığı bəlli olub.
Lənkəran və Biləsuvarda aparılan moniorinqlər isə daha mənfi nəticələr verib. «Gənc Liderlər»in araşdırmaları zamanı bəlli olub ki, bu rayonlardan uşaqlar ailələləri tərəfindən məişət işlərinə cəlb olunduqları üçün, sözügedən rayonlardə təhsilin səviyyəsi və dərsə davamiyyət olduqca aşağı səviyyədədir.
«Gənc Liderlər Uşaq Təşkilatının araşdırmaları onu da göstərib ki, cənub zonasının əksər məktəblərində şagird parlamentləri fəaliyyət göstərmir və uşaqların ictimai fəaliyyət imkanları məhduddur.
«Gənc Liderlər» Uşaq Təşkilatı əldə etdiyi məlumatları həm media, həm də məktubla Təhsil nazirliyinə təqdim edəcək. Təşkilatın növbəti səfəri isə İsmayıllı rayonuna olacaq.
